Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoyub. Ulu öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır!
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır .Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərdi. 1990-cı ilin iyul ayında Naxçıvanın çətin günlərində Heydər Əliyevin Muxtar Respublikaya gəlişi bu qədim torpağı xilas etdi. Ulu Öndərin milli dirçəliş ideyaları və bu istiqamətdə Naxçıvanda qəbul edilən taleyüklü qərarları Azərbaycanın gələcəkdə müstəqil, demokratik və dünyəvi dövlət kimi formalaşmasında əsas hərəkətverici qüvvə oldu.
İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni həyat quruculuğuna başlamasında Heydər Əliyev şəxsiyyətinin önəmli rolu oldu. Elə bu səbəbdən də Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, azad bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Ali Məclisə sədr seçildiyi gündən başlayaraq Heydər Əliyev muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirməyə başladı.
Ulu Öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtar statusunun qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Konstitusiyada deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Ulu Öndər həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin.”
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət aldı, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verildi. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürüldü. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.
Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin yolunu uğurla davam etdirilməsi nəticəsində Naxçıvan tamamilə dəyişilmiş, yenidən qurulmuş, alınmış bir qalaya çevrilmişdir. Ali Məclis sədrinin ümummilli liderimizin dövlətçilik ideyalarına sədaqəti, ardıcıl və yorulmaz fəaliyəti sayəsində regionda əldə edirlmiş mühüm nəticələr əslində Azərbaycanın tərkibində yeni bir Naxçıvan ərsəyə gətirmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası çiçəklənmə dövrünü yaşayır. Qazanılan nəticələr bir daha deməyə əsas verir ki, Muxtar Respublikada Ulu Öndər Heydər Əliyevin siyasi xətti uğurla, sədaqətlə, inamla davam etdirilir. Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan, dosta qürur, fəxarət bəxş edən, düşmənə gözdağı olan Naxçıvan. Bunu reallaşdıranlar isə ümummilli lider Heydər Əliyevin nurlu yoluna, dövlətçilik ideyalarına sədaqətli olan, xalqa, doğma Vətənə xidməti həyat idealına çevirən vətənpərvər, fədakar naxçıvanlılardır.
Mətanət Cəfərova,
YAP-ın fəalı