“Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri seçilməsindən 33 il ötür. Ulu öndərin dövlət, millət qarşısında xidmətləri zaman keçdikcə daha da aydın görünür. Onun ən əsas istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən müstəqil, güclü, müasir dövlətinin yaradılması idi. 1991-ci il sentyabr ayının 3-də Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsindən sonra Azərbaycanın dövlətçilik tarixində mühüm dəyişikliklər baş vermişdir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana qayıdışı, siyasi fəaliyyətini davam etdirməsi Azərbaycandan ayrı salınmış muxtar respublikanı siyasi oyunlardan, erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr ulu öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilib. Ulu öndərimiz Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib:
“Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ulu öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar ataraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü elan olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Dövlət bayrağı olaraq təsdiq olundu. Eyni zamanda, Naxçıvan Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı və 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi”.
Onun sözlərinə görə, siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, həyata keçirdiyi islahatlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu öndərin gərgin fəaliyyəti və səyləri nəticəsində sabitlik təmin edildi, muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Naxçıvanda həyata keçirlən tədbirlər, əldə olunan nailiyyətlər 1990-1993-cu illərdə xaos və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan Azərbaycan üçün ümid, nicat yeri olmuşdur.