Avqustun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri reallaşıb. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçən bu səfər zamanı dövlətlər arasında turizm, mədəniyyət, elm-təhsil, ticarət, investisiyalar və digər sahələrdə mühüm sənədlər imzalanıb, iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub: “Bu gün isə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Həmçinin, Prezident İlham Əliyevin Özbəkistana ardıcıl səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Özbəkistan da öz növbəsində dostluğa sadiq bir ölkədir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də dost və qardaşlığın daha bir mərkəzi olacaq”.
Səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həmçinin bir sıra sahələrdə əməkdaşlığı möhkəmləndirəcək sənədlər imzalanıb. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir. Əminliklə deyə bilərik ki, bu gün həm Azərbaycan, həm də Özbəkistan Cənubi Qafqaz və Orta Asiyada sabitlik və inkişafın təmin olunmasında təməl rola sahibdirlər. Bu baxımdan hazırkı dünya nizamının böyük sarsıntılar və münaqişələrlə zəngin olduğu bir zamanda Azərbaycan və Özbəkistanın sülhü, əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırması bütün dünya dövlətləri üçün örnək olmalıdır. Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər dostluq və qarşılıqlı anlayış prinsiplərinə əsaslanır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi