AnalitikaGündəm

İqtisadi əlaqələrimiz genişlənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 22-23-də geniş tərkibdə nümayəndə heyəti ilə Özbəkistanda səfərdə olub. Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Sənədlər arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı” (“Yol xəritəsi”) və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ”Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” mühüm yer tutur.

Bundan əlavə, səfər çərçivəsində Daşkənddə Azərbaycan – Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1″ Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollarıdır.

Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button