AnalitikaGündəm

Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir

Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin  mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Elə bu günlərdə Azərbaycan dost ölkədən daha bir böyük nümayəndə heyətini qarşılayıb.

İyulun 19-da Prezident İlham Əliyev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib. İyulun 18-də isə mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. Qarşılıqlı əlaqələrin yüksək dinamikası Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir. Qəbulda ikitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib. Abdulla Aripov isə Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğulayıb ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Siyasi dialoğun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq genişlənir. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Bu sənəd mahiyyətcə iki dost ölkənin gələcək strateji əməkdaşlığının yol xəritəsidir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button