Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri də Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir.Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq genişlənir. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib. Ölkələrimiz arasında qabarıq nəzərə çarpan bu dinamizm ticarətin genişlənməsinə müsbət təsir göstərib. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Bu sənəd mahiyyətcə iki dost ölkənin gələcək strateji əməkdaşlığının yol xəritəsidir. Belə ki, 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Hər iki dövlətin iqtisadi inkişafını şərtləndirən bir məqamı da xatırlatmaq yerinə düşər. Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə də bu barədə ətraflı söhbət açılıb. Dövlətimizin başçısının Özbəkistana indiki səfər çərçivəsində keçirilən biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlanğıcı kimi qiymətləndirilib.Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ticarət, investisiya və strateji tərəfdaşlıq sahələrində mühüm önəm daşıyır və ölkəmizin Türk dünyası daxilində əlaqələri gücləndirmək siyasətinin göstəricisdir. Daşkənddə iki ölkə arasında biznes müqavilələrinin imzalanması, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək. Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və dövlətlərin iqtisadi maraqlarını dəstəkləyəcək. Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılmasının qərara alınması isə özbək xalqının qardaş dəstəyinin ifadəsi kimi mühüm önəm daşıyacaq.
İlham Quliyev,
YAP-ın gənc fəalı