2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq”.
44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad edib. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq suveren hüquqlarını müdafiə edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz tarixi və əbədi evlərinə qayıdırlar. Burada hər yaşdan, hər nəsildən olan insanlar var.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.
Ermənistan-Azərbaycan şərti dövlət sərhədində “Laçın” postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür.
Dövlət başçısı bayram çıxışında dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır!”
Mətanət Cəfərova,
YAP-ın fəalı