Son 20 ildə Azərbaycan yalnız yerləşdiyi Cənubi Qafqaz regionunda deyil, bütün dünyada ciddi söz sahibi olan dövlət statusuna ucala bildi. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng transmilli layihələr və bu layihələrin nəticəsi kimi Azərbaycanın Avropanın etibarlı yanacaq-enerji təchizatçılarından birinə çevrilməsi, şərqlə qərbi birləşdirən orta marşrutun və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq infrastrukturun fəaliyyətə başlaması dünyada ölkəmizin nüfuzunun sürətlə artmasına səbəb oldu. Belə nəhəng layihələri reallaşdırmaqla yanaşı, özünün iqtisadi və hərbi qüdrətini artıran respublikamız on illər ərzində işğal altında qalmış torpaqlarını ən qısa zaman kəsiyində düşmən əsarətindən azad etdi. Bu hadisəyə qədər Azərbaycanın sürətli iqtisadi inkişafını görənlər indi də ölkəmizin hərbi qüdrətinin hansı zirvəyə yüksəldiyinə şahidlik etməli oldular. Ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan transmilli layihələr, şanlı Ordumuz tərəfindən dünyada analoqu olmayan hərbi ustalıqla torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanı dünyada tutarlı söz sahibinə çevirdi. COP29 Yer kürəsində baş verən iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və bununla bağlı danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri bir araya gətirən, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq tədbirdir. Cari ilin noyabr ayında keçiriləcək bu konfrans iştirakçı sayına və miqyasına görə Azərbaycanın da indiyədək evsahibliyi etdiyi ən böyük tədbir olacaq. Bakı iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin bir daha təsdiq edilməsi deməkdir. Bundan əlavə, belə bir mötəbər tədbirin respublikamızda keçirilməsi BMT tərəfindən ölkəmizdəki ictimai-siyasi və iqtisadi sabitliyə verilən qiymətin ifadəsidir. Son illər Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır. COB29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir. Azərbaycan COB29-a evsahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan indi “yaşıl enerji” istehsalını artırmağa və “yaşıl enerji”ni dünya bazarlarına çıxarmağı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir. Hökumətin ölkədə “yaşıl enerji”nin inkişafına dair müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda keçiriləcək COB29 tədbiri bu potensialın reallaşdırılması məqsədilə ölkəmizə xarici investisiyaların cəlb edilməsinin ən münasib platforması olacaq.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı