AnalitikaGündəm

Azərbaycan – müsəlman dünyasının idman ölkəsi

Hər bir sahədə olduğu kimi, idman sahəsində də ölkəmizin uğurları həmişə dünya arenasında seçilib. Azərbaycan tarixi baxımdan idman ölkəsi hesab edilib. Bunun əsas səbəblərindən biri Azərbaycanın Qafqaz xalqları qrupuna daxil olmasıdır. Xüsusilə, döyüş idman növlərində ölkəmizin istər sovet, istər post-sovet dövründəki uğurları danılmazdır.

Dünya idman mühitinin ən önəmli yarışlarından biri olan Olimpiya Oyunlarında isə Azərbaycan həmişə layiqincə təmsil edilib. Ölkəmizin idman nümayəndələri müstəqillik dövründən etibarən – daha doğrusu, 1996-cı ildən bu mötəbər yarışda iştirak edir. Daim öz uğurları ilə fərqlənən idmançılarımız hər il olduğu kimi 2024-cü ildə təşkil edilmiş Paris Yay Olimpiya Oyunlarında da yüksək nəticələr göstərmişdir.

Bu ali idman yarışında Azərbaycan təmsilçilərinin uğurlarının kökündə dayanan amil isə dövlət qayğısıdır. Ulu öndər Heydər Əliyev müstəqillik dövründə idmana və idman ictimaiyyətinə xüsusi diqqət və qayğı göstərmiş, onlarla daim həmsöhbət olmuşdur. O, hər zaman idmançılarla görüşlərində onların problemləri ilə maraqlanmış və nailiyyətlərinin artması məqsədilə istənilən resursların dövlət tərəfindən qarşılanmasını təmin etmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə bu cameəyə olan dəstək və rəğbət daha da artdı. Bu fikirləri qeyd edən zaman onu nəzərə çatdırmaq lazımdır ki, ölkə başçımızın Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə Azərbaycan yüksək nəticələrlə dünya yarışlarında və digər böyük miqyaslı yarışlarda möhtəşəm idman uğurlarına nail olmuşdur.

Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçilərini qəbul etmişdir.

Qəbul zamanı dövlət başçısının səmimi münasibəti bir daha sübut  etdi ki, Azərbaycan Prezidenti istənilən sahədə ölkəmizin adının uca tutulması üçün çalışır. Çıxış edən İlham Əliyev öz sözlərində bir çox önəmli nüansa toxunub.

Prezident Əliyev medal qazanmış idmançılara və məşqçilərə təşəkkür edərək, onların əmək və səylərinin yüksək qiymətləndirildiyini vurğulamışdır. Bu, idmançılara olan dəstəyin və motivasiyanın artırılması məqsədini güdür. O, bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.

Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Vurğulanan digər əsas məqam isə o idi ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.

Prezident idmançılara və idman sahəsinə verilən dəstəyin artırılması, yeni idman komplekslərinin və infrastrukturların yaradılması, məşqçilərin və idmançıların daha yaxşı şəraitdə çalışmaları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı planları müzakirə edib:

“Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir”, – dövlətimizin başçısı bu xüsusdakı çıxışında belə deyib.

Medal qazanmış idmançıların Azərbaycanın beynəlxalq aləmdəki təmsilçiləri olduğunu və onların əldə etdiyi nailiyyətlərin milli qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, eyni zamanda idmanın ölkə daxilində daha geniş kütlə tərəfindən sevilməsi və inkişaf etdirilməsi üçün stimul yaradır.

Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Qeyd etmək lazımdır ki, dövlət qayğısı nəinki idman sahəsində, bütün sahələrdə Azərbaycan xalqını  əhatə edib. Dəmir yumruq altında birləşən millətimizin tək məqsədi daim öndə olmaq və xalqımızı təmsil etməkdir.

Ölkəmizi layiqincə təmsil edən idmançılarımızla qürur duymaq bizim borcumuzdur. Ali Baş Komandanın siyasi xəttinin davamçıları olan gənclərin uğurları hər daim çiçəklənən, müstəqil və bütöv Azərbaycanı sevindirəcək.

Əli Hüseynov,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button