Siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlar əldə edirlər. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq deyən Prezident onu da diqqətə çatdırıb ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin: İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Aynur Həsənova,
YAP-ın gənc fəalı