Ölkəmizdə elə bir sahə yoxdur ki, inkişaf mərhələsində olmasın. Avqustin 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən bəhs etdi. “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm” söyləyən cənab İlham Əliyev vurğuladı ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır.
Azərbaycan Olimpiya Oyunlarında müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşdı. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvünün olduğunu nəzərə alsaq, bu, çox yaxşı və tarixi nəticədir. Dövlətimizin başçısı bu qələbəni belə dəyərləndirdi: “Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.”
Ölkəmiz digər sahələrdə olduğu kimi, idman sahəsində də beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ukdə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə böyük potensiala malik olduğunu təsdiqləyir. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. İlk Avropa Oyunlarının, Formula 1” beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi. Azərbaycan “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında da qalibiyyətə imza atdı. Bütün bunlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi idman siyasəti dayanır. Ulu Öndər daim gənclərimizin fiziki sağlamlığını prioritet məsələ kimi öndə saxladı. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət atdığı addımlarda özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrdə Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edilib. Bu sənədlərə uyğun olaraq paytaxt Bakıda və regionlarda müasir tələblərə cavab verən idman kompleksləri tikilib istifadəyə verilib. “Bu gün mən deyəndə ki, Azərbaycan idman dövlətidir, bax, bunu bu səbəblərə görə deyirəm. Birincisi, bizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, biz bütün ən yüksək səviyyəli oyunları keçirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bunun əyani sübutudur. İkincisi, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünü artıq dəfələrlə göstərmişdir. Ona görə, əminəm ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaqlar. Biz də çalışacağıq ki, Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü göstərsin və öz imkanlarını ortaya qoysun” sözləri ilə ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin davamlı olacağını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, medalların sayına görə Birinci Avropa Oyunlarında qazandığımız ikinci, İslam Həmrəyliyi Oyunlarında birinci yer idman tariximizə qələbə salnaməsi kimi yazıldı. Dünyada qüdrətli ölkə kimi tanınan Azərbaycan idmançılarının Birinci Avropa Oyunlarında 56 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri qazanması Azərbaycan dövlətinin iqtisadi potensialının, gənclərimizin istedad və bacarığının məntiqi nəticəsi idi.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı