“26 iyul-11 avqust tarixlərində Parisdə gerçəkləşən XXXIII Yay Olimpiya oyunlarında ölkəmizin Milli Olimpiya Komandası 15 idman növü üzrə 48 idmançı ilə təmsil olundu. Azərbaycan idmançıları dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalında güləş, cüdo, boks, güllə atıcılığı, taekvando, kano-sprint, ağır-atletika və s. kimi idman növlərində öz bacarıqlarını nümayiş etdirdilər. Paris Yay Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazandıqlarını bir daha nümayiş etdirdi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Azərbaycanın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olub. Əldə edilən uğurlu nəticələr bu qənaətə əsas verir. Prezident İlham Əliyev idmançılarla görüşü zamanı hazırda uşaq-yeniyetmə idmanına xüsusi diqqət ayırmağın zəruriliyini, idmana rəhbərlik edən qurumlar arasında koordinasiya işlərinin düzgün qurulmasının vacibliyini, federasiyaların, klubların bu yöndə uğurlu fəaliyyətini xüsusi vurğuladı. Dövlət başçımız uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyi sözlərin, verdiyi tapşırıqların fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişdirmək məqsədi daşıdığını bildirdi.
Onun sözlərinə görə, Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Olimpiya Oyunlarında da bir daha Qalib Azərbaycanın bayrağını yüksəkliklərə qaldırdılar, dövlət himnimiz səsləndirildi. Azərbaycan gəncliyi növbəti dəfə öz əzmkarlığını, peşəkarlığını və məqsədyönlüyünü beynəlxalq arenada uğurla nümayiş etdirdi və Prezident İlham Əliyevin gənclər və idman siyasətinin uğurları növbəti dəfə öz təsdiqini tapdı.