AnalitikaGündəm

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə inkişaf edir

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə inkişaf edir. Şübhəsiz ki, bu dinamikanı, ilk növbədə, Prezident İlham ­Əliyevin mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, eləcə də həmin regionda yerləşən ölkələrin başçılarının isə respublikamıza davamlı səfərləri şərtləndirir. Eyni zamanda, bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir: “Bu gün cərəyan edən hadisələr bir daha qardaşlıq münasibətlərini isbat edir. Elə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və Mərkəzi Asiya ölkələrinin Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinə dəstək olması bunu bir daha təsdiqləyir. Məhz, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Məsələn, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Dünyada baş verən təhlükəli qarşıdurmalar fonunda Prezident İlham Əliyevin TDT-yə üzv olan ölkələrə müntəzəm səfərləri bir daha təsdiq edir ki, Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır və bu yol Asiya ilə yanaşı, Avropanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Liderinin müəyyən etdiyi siyasi xətt nəticə etibarilə bölücülüyə deyil, əksinə, Asiya və Avropa ölkələri arasında bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığın genişlənməsinə, ortaq təhlükəsizliyin güclənməsinə xidmət edir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button