“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə inkişaf edir. Şübhəsiz ki, bu dinamikanı, ilk növbədə, Prezident İlham Əliyevin mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, eləcə də həmin regionda yerləşən ölkələrin başçılarının isə respublikamıza davamlı səfərləri şərtləndirir. Eyni zamanda, bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib. Nəzərə alınmalıdır ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin bütün spektri üzrə inkişaf edir. Görüşdəki çıxışında ölkə başçısı qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanatlar, eyni zamanda, Orta Dəhlizin reallaşması, o cümlədən Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının açılması zərurətini bir daha aktuallaşdırır. Dövlətimizin başçısı Astanada keçirilən görüşdə iştirak etməklə beynəlxalq birliyə həm də bu mesajı verdi ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu səbəbdən Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” məhz bu siyasətin və siyasi iradənin təzahürüdür.
Rəşadət Xalıqov əlavə edib ki, dünyada baş verən təhlükəli qarşıdurmalar fonunda Prezident İlham Əliyevin TDT-yə üzv olan ölkələrə müntəzəm səfərləri bir daha təsdiq edir ki, Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır və bu yol Asiya ilə yanaşı, Avropanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Liderinin müəyyən etdiyi siyasi xətt nəticə etibarilə bölücülüyə deyil, əksinə, Asiya və Avropa ölkələri arasında bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığın genişlənməsinə, ortaq təhlükəsizliyin güclənməsinə xidmət edir.