
İqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa bu gün yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Belə ki, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı.
Dünyada baş verən qlobal hadisələr fonunda informasiya axınını düzgün tənzimləmək, cəmiyyətə daha dəqiq, fakta əsaslanan məlumatlar ötürmək sahəsində media sektorunun üzərinə mühüm vəzifələr, böyük məsuliyyət düşür. Bu baxımdan əllidən artıq ölkənin nümayəndəsinin bir araya gəldiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu müasir dövrdə bütün ölkələrin əziyyət çəkdiyi dezinformasiya ilə mübarizə, media sahəsində məlumatlandırma, COP29, iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi ilə yadda qaldı. Ənənə halını alan forumda dövlət başçısı Prezident cənab İlham Əliyevin təkcə media deyil, regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş çıxışı mühüm mesajlarla zəngin idi.
Şuşa Qlobal Media Forumu həm də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə aydın təsəvvürün formalaşdırılması baxımdan da əhəmiyyətli olub.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi