31 Mart Soyqırımı illər boyu Azərbaycan xalqının yaddaşında silinməz izlər, dərin yaralar qoyacaqdır
Tarixin müxtəlif dönəmlərində erməni millətçiləri öz mifik ideyalarını gerçəkləşdirmək məqsədilə dinc azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımlar və deportasiyalar həyata keçirmişdir. Bu amansız soyqırımlardan biri 1918-ci il mart aprel ayıarında həyata keçirilmişdir. Soyqırımı Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla törətmişdir. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Soyqırım zamanı erməni vəhşiləri qoca, qadın, uşaq, gənc, körpə demədən hər kəsə qarşı amansız caniliklər etmiş, əhalini kütləvi şəkildə qətlə yetirmiş, müxtəlif memarlıq abidələrini, məktəbləri, xəstəxana və məscidləri dağıtmışdır.
Bütün dünya ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi bu caniliyi, bu amansız soyqırımı görsün, tanısın bilsin deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. 31 mart soyqırımı hər il ölkəmizdə soyqırım günü kimi dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırım qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin dağılmasına səbəb oldu.
Zərxanım Abbasova
YAP-ın fəalı