
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini idarə rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bakıda keçirilən bu mühüm görüş Türk dünyası ölkələri arasında yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi və mədəni inteqrasiyanın sürətləndiyini bir daha nümayiş etdirdi.
Görüşdə çıxış edən dövlət başçısı Türk dünyasının birliyinin möhkəmləndirilməsində milli-mənəvi və dini dəyərlərin müstəsna rolunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, müasir dövrdə qlobal çağırışlar və ideoloji təhdidlər fonunda qardaş xalqların dini liderlərinin bir araya gəlməsi, ortaq mövqedən çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
TDT-yə üzv ölkələrin dini idarələri arasında əlaqələrin genişləndirilməsi, islamofobiya və dini radikalizmə qarşı birgə mübarizə aparılması vurğulanıb. Görüşdə Azərbaycanın torpaqlarını azad etməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, məscidlərin bərpası istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, saxta ideologiyalardan qorunması və Türk dünyasının dini-tarixi irsinin dünyada təbliği əsas hədəflər kimi göstərilib.
Görüşdə iştirak edən dini liderlər Azərbaycan Prezidentinə Türk dünyasının birliyinə verdiyi böyük töhfələrə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, bu cür təmaslar TDT çərçivəsində qardaşlıq tellərini daha da bərkitməklə yanaşı, regionda sülh, sabitlik və mənəvi həmrəyliyin təmin olunmasına xidmət edir.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim pediatrı



