Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin təməlini qoydu. Bu, kifayət qədər səmimi görüş, yaşanmış emosiyalar isə xalq-dövlət birliyinin daha bir açıq təzahürü idi. Əminəm, Azərbaycan ictimaiyyəti gələcəkdə yazılacaq müxtəlif memuarların səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda yeni və maraqlı faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini təşkil etdiyi üçün sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi unudulmayacaq və milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək. Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq” sözlərinin növbəti təsbiti qeyd etmək üçün əsas verirlər: gələcəyə hesablanmış siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas amillər onun gələcəyə olan inamı və fəaliyyətində gücünü məhz xalqın dəstəyindən almasıdır. Dövlət siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər. Odur ki, çəkinmədən deyə bilərik ki, hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas anlayışlarından olmaq haqqını qazanıblar. Bu kompleks üçün ən uyğun məkan təbii ki, Xocalıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, əslində kompleksin layihəsi çoxdan hazır olsa da, Xocalıya qayıdacağımız günü gözlədiyimiz üçün bu vaxta qədər həmin memorialın tikintisi təxirə salınırdı. Dövlət başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki, Xocalıya qayıdışla bağlı heç vaxt şübhə olmayıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb. 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Soydaşlarımız bu torpaqlara qayıdacaq. 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın dünyaya tanıdılması istiqamətində fəal iş aparılır. Amma dövlət başçımızın da söylədiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Faciəni soyqırım kimi tanıyan 18 ölkənin arasında böyük dövlətlərin adlarının olmaması reallığın nədən ibarət olduğunu söyləməyə əsas verir. Beynəlxalq təşkilatların susqunluğu, böyük dövlətlərin biganəliyi ona gətirib çıxardı ki, Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi. Bu, həm də tarixi ədalətin bərpası idi. Bu ədalət nəticəsində biz Xocalıya qayıtdıq, burada həyat yenidən başlayır. Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən qanlı cinayətini – Xocalı soyqırımını heç vaxt unutmayacaq.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı