Analitika

Prezident İlham Əliyevin Ankaraya rəsmi səfəri hər iki ölkə üçün strateji əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri baş tutmuşdur. Bu səhər növbədənkənar prezident seçkilərindən sonra İlham Əliyevin ilk rəsmi səfəridir. İlk rəsmi səfərin qardaş ölkə Türkiyəyə olması heç də təsadüfi deyil. Qardaş ölkə bu günə qədər Azərbaycanın atdığı bütün addımlarda, aldığı bütün qərarlarda yanında olmuşdur. Bu etimadın, bu sədaqətin nümunəsi kimi bu səfər həyata keçirilmişdir. Habelə, səfər zamanı mühüm strateji əhəmiyyətə malik məsələlər müzakirə olunub və Azərbaycan-Türkiyə sənədləri imzalanmışdır. Bu sənədlərin arasında “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” də vardır.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin kökləri tarixin ən dərinliklərinə qədər enir. Eyni tarixi kökə, eyni əcdadlara, oxşar adət-ənənələrə sahib olan iki qardaş dövlət arasında sarsılmaz əlaqələr mövcuddur. Hansı ki, bu əlaqələrin inkişafı və bugünki səviyyədə olması hər iki ölkə üçün, habelə regionda mühüm əhəmiyyətə malikdir. İki ölkə arasında nəqliyyat, enerji layihələri, ticarət dövriyyəsi mühüm strateji tərəfdaşlıq sahələridir. Əməkdaşlığın əsas istiqamətlərindən biri də hərbi sahədir. Hər il hər iki ölkədə hərbi sahədə ən az 10 hərbi təlim keçirilir.  Bunlarla yanaşı, 2024-cü ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də  iştirak edəcək və bu da öz növbəsində  Türk xalqlarının birliyi işinə güclü təkan verəcəkdir.

90-cı illərdə baş verən faciələr zamanı Azərbaycanın  yanında olan, İkinci Qarabağ Müharibəsində ölkəmizdən maddi, mənəvi dəstəyini əsirgəməyən qardaş ölkə bundan sonra da Azərbaycanın yanında olacağını və ona dəstək olacağını hər dəfə bütün dünya qarşısında vurğulayır. İki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələri, həmçinin bu əlaqələrin inkişafı istər regionda, istərsə də beynəlxalq aləmdə böyük nüfuza malikdir. Hər iki ölkənin dövlət başçıları bu əlaqələrin inkişafı üçün böyük addımlar atır, birgə böyük layihələr həyata keçirirlər. Bu da sarsılmaz Azərbaycan -Türkiyə qardaşlığının daimiliyinə gətirib çıxarır.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button