Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı öz növbəsində böyük ailə olan türk dünyasının birliyinə öz müsbət təsirini göstərir
“Dünyaya qardaşlığın nümunəsini göstərən Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni istiqamətlər üzrə inkişaf edir. Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində, inkişafında stimulverici amildir. Dövlət başçısı İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatlarında səsləndirdiyi “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirləri iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin təqdimatı ilə yanaşı, regionda, dünyada önəminin təsdiqidir. Bu reallıq daim önə çəkilir ki, Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Səfər münasibətlərdə yeni səhifənin başlanğıcı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir arzunu ifadə etdi ki, seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olacaq. Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.” rezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Dövlət başçılarının görüşündə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirib. Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Ötən ilin fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Hazırda Kahramanmaraş vilayətində bərpa işləri üçün ölkəmiz də öz töhfəsini verir. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. “Azərbaycan-Türkiyə əlaqələrinin ayrı-ayrı sahələr üzrə inkişafı, atılan addımların davamlılığı münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı öz növbəsində böyük ailə olan türk dünyasının birliyinə öz müsbət təsirini göstərir. Səfər çərçivəsində Prezidentlərin keçirdikləri görüşlərdə, mətbuata birgə bəyanatlarında bu məsələyə də xüsusi diqqət yönəldildi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik olan Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsi vacibdir”
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı