Azərbaycan-Türkiyə qardaşlığı daimidir, əbədidir
Türk milləti tarixən əsrlərin süzgəcindən keçərək, bütövləşmiş, qəhrəmanlaşmış və bir xalq olaraq formalaşaraq tarix yazan bir millətə çevrilmişdir. Tariximizə baxdıqda neçə qəhrəman oğullar yetişdirən bu millətə baxıb öyünmək belə azdır. Atilladan tutmuş, Mete xana, Bilgə xaqana, dünyanı lərzəyə salan Çingiz xana, Əmir Teymura, Sultan Mehmet Fatehə, Şah İsmayıl Xətaiyə, Nadir şaha, Mustafa Kamal Atatürkə, Məhəmməd Əmin Rəsulzadəyə, Heydər Əliyevə, İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana qədər sadalamaqla bitməyən bu türk sərkərdələri ilə fəxr etmək, qürur duymaq şərəflidir. Bu iki dövlətin varlığını həzm edə bilməyən bəzi qüvvələr narahatlıqlarını müxtəlif formalarda birüzə verərək, həmişə öz məkrli əməllərindən çəkinməmişlər. Ölkələrimiz arasında soyuqluq yaratmağa çalışsalar da əməlləri ifşa olunmuş, planları iflasa uğramışdır. Hələ Ulu öndər Heydər Əliyevin zamanında həmişə xalqımıza dəstək olan bu qardaş ölkə qədirbilən xalqımız tərəfindən həmişə etiramla anılır. Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu “iyirminci əsrin bəşəriyyətə verdiyi böyük düha”lardan saymışdır. Türkiyə haqqında müxtəlif vaxtlarda deyilmiş aşağıdakı sözlərin hamısı Heydər Əliyevə məxsusdur: “Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir”, “Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var”, “Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir”, “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var”, “İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır”, “Mən bu gün bir daha Türkiyə torpağına ayaq basmağıma, Türkiyə torpağında olmağıma görə özümü çox xoşbəxt hesab edirəm”, “Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir”, “Hələ gənc yaşlarımda kitablardan Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum”, “Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir”, “Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir. Xalqlarımız bir kökdəndir. Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik. Biz bir millət, iki dövlətik. Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir. Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür” kimi müdrik kəlamlar Ulu öndərin Türk xalqına və dövlətinə verdiyi qiymətdir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində enerji resurslarımızın məhz Türkiyə vasitəsilə Avropaya və dünyaya daşınması türk xalqına verilən növbəti dəstəyin və inamın bariz nümunəsidir. Açılması üçün ölkələrimizin böyük səy göstərdiyi Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.
İnanırıq ki,Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı