Analitika

Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub. Ali təhsil, peşə təhsili, orta təhsil istiqamətindəki münasibətlər hər iki ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Azərbaycan universitetləri ilə Türkiyə universitetləri arasında ikili diplom proqramlarının işlənməsi, universitetlərarası qarşılıqlı tədqiqat mühitinin formalaşması inkişafa hədəflənib. İllərdir ki, Azərbaycanın və Türkiyənin bir sıra ali təhsil müəssisələri arasında kadrların peşəkarlığına, ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşə inkişafına hədəflənən müxtəlif tədbirlər, mübadilə proqramları həyata keçirilir. Həmçinin Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasındakı əməkdaşlıq əlaqələri genişlənir.

Bir müddət idi ki, iki dost, iki qardaş ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın növbəti təzahürü olacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq işləri görülürdü. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunmuşdu. Dövlətimizin başçısı həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını qeyd etmişdi. Keçən ilin oktyabrında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə gəlmişdi.

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə digər mühüm məsələlərlə yanaşı, bu ali təhsil müəssisəsinin yaradılmasının əhəmiyyəti barədə də danışıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq”.

Həmin gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində mühüm addım atıldı. Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalandı. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzaladılar. Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Rəccəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında ticarət, enerji və müdafiə sənayesi sahələrindəki uğurlu əməkdaşlıqdan danışdı. Bildirdi ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd etdi ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. İki ölkənin birgə həyata keçirdiyi önəmli layihələrdən danışan dövlətimizin başçısı həmin gün təhsil sahəsində imzalanmış memorandumun əhəmiyyətini də vurğuladı: “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button