Analitika

Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir

Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın, qardaş ölkə, eyni zamanda etibarlı tərəfdaş tapmaq çətindir. Bütün dünya ölkələri üçün örnək olan, möhkəm təməllər üzərində qurulan birlik xalqlarımızı günbəgün daha da doğmalaşdırır. İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən Türkiyənin Azərbaycanın yanında olduğunu, onun haqq mübarizəsini dəstəklədiyini bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin iştirak etmədiyi beynəlxalq səviyyəli platformalarda qardaş ölkənin mənafeyini müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin dostluq, qardaşlıq səmimiyyəti bütün məsələlərdə özünü aydın şəkildə büruzə verir. Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, bizim ailəmiz Türk dünyasıdır: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. Bu mənada böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərini gücləndirmək əsas prioritetdir. Məqsəd Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməkdir. Azərbaycan və Türkiyə bu prosesə xüsusi töhfə verir”. Keçilən yola qısa nəzər salsaq, görərik ki, Türkiyə -Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin   birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır.  Qarşılıqlı səfərlər, hər iki dövlətin rəsmilərinin birgə görüşləri və sair kimi addımlar  əlaqələrin inkişafında mühüm önəm daşıyır.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işgaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik.  “Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

Ən yüksək səviyyədə siyasi-iqtisadi əməkdaşlıq əlaqələri quran, ölkələr arasında ticarət dövriyyələrini ildən-ilə artıran, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən yaradılmasında əhəmiyyətli rolu olan nəqliyyat-kommunikasiya layihələrini uğurla həyata keçirən iki qardaş ölkənin birgə səyləri bu gün bütün məsələlərdə birliyin, həmrəyliyin təcəssümünə çevrilib. Hərbi sahədə işbirliyini, əməkdaşlığını dərinləşdirən, bu sahədə mühüm layihələr reallaşdıran, o cümlədən strateji əhəmiyyətli müştərək hərbi təlimlər keçirən Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir. Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşı olan Türkiyə gücləndikcə Azərbaycan da güclənir, qüdrətlənir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button