Analitika

Radikalların məkrli niyyətləri

Azərbaycanın uğurlu inkişafı, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə icrası ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır. Ölkə iqtisadiyatının dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat  sırasında olması uğurlarımızı əks etdirən faktlardandır. Hazırda  müstəqil dövlətimiz beynəlxalq aləmdə ən etibarlı tərəfdaş və dost ölkə kimi tanınır. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Respublikamızın bütün sahələr üzrə inkişafını dəyərləndirən belə faktlar istənilən qədərdir. Vətənini və xalqını sevən hər bir soydaşımız bundan sevinməli və qürur hissi keçirməlidir. Təəssüf ki, bu uğurlardan qısqanclıq hissi keçirən, hətta alışıb – yananlar da var. Adlarını müxalifət qoyan belələri antiazərbaycan qüvvələrin əlində alətə çevrilərək onların çirkli pulları hesabına ölkə daxilində qarşıdurma, hakimiyyətlə xalq arasında  süni narazılıqlar yaratmağa cəhd edir, ikrah doğuran vasitələrlə respublikamızın getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Təbii ki, belə xəyanətkarlar öz məkrli niyyətlərinə nail ola bilmirlər. Çünki xalq, xüsusilə gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Milli maraqlardan , millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki artıq müxalifətin iç üzü, xəbis niyyətləri və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması  hamıya məlumdur. Onlar hakimiyyətə gəlmək üçün istənilən yola gedir, yalan, əsası olmayan fikirlər səsləndirir, antiazərbaycan dairələrlə, hətta erməni lobbisi ilə də əməkdaşlıq edirlər. Bu yolu seçənlər ölkəmizin və regionun reallıqlarını nəzərə almır, beynəlxalq aləmdə baş verən proseslərin mahiyyətini dərk etmədən populist bəyanatlar səsləndirirlər. Dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır. Çünki xalq, yetişən gənc nəsil Prezident İlham Əliyevin ərtafında sıx birləşdiyini birmənalı olaraq bəyan edib. Göründüyü kimi, milli maraqlardan, millilikdən uzaq olan, yalnız öz şəxsi maraqlarını düşünən radikal müxalifət  üçün Vətən, xalq, millət  sonuncu məsələdir. Əsas isə belə məqamlardan yararlanıb daha çox qazanmaqdır. Azərbaycanda həyat öz axarınca davam edir. Dövlət başçısı bu ölkənin hər bir qarış torpağını, hər bir vətəndaşın taleyini düşünərək bir-birinin ardınca iri layihələrin həyata keçirilməsi istiqamətində gərgin fəaliyyət göstərir. Dağıdıcı müxalifət isə bu işlərə mane olmaq üçün dəridən-qabıqdan çıxır.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button