20 oktyabr tarixi Zəngilan şəhərinin azad edildiyi günü qeyd edir. Bu tarixi hadisə Azərbaycanın Zəngilan rayonu üçün xüsusi əhəmiyyət daşıyır, çünki uzun illər erməni işğalı altında qalan bu ərazi yenidən öz sahibinə, Azərbaycan xalqına qaytarılmışdır.
Zəngilan rayonunun qədim tarixi, coğrafiyası və strateji əhəmiyyəti hər zaman bölgə üçün önəmli olmuşdur. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü ilə Zəngilan Zəngəzur qəzasının tərkibində olmuşdur. 1828-ci ildə Rusiyanın apardığı yeni inzibati bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdir. Zəngilanla birlikdə Sisyan, Qafan, Mehri, Qubadlı və Laçın da bu inzibati bölgüyə daxil edilmişdir.
1920-ci il 28 aprelində bolşeviklərin yardımı ilə Zəngəzur qəzası ermənilər tərəfindən işğal edildi. Bu prosesdə qədim türk torpaqları olan Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana verildi. Nəticədə, Zəngəzur qəzasının böyük hissəsi Ermənistanın tərkibinə keçdi, ancaq Zəngilan, Laçın və Qubadlı Azərbaycan ərazisində qaldı.
Zəngilan coğrafi baxımdan çox zəngin bir ərazidir. Rayonun ərazisində çöküntü suxurları, vulkanik materiallar və müxtəlif faydalı qazıntılar mövcuddur. Tikinti daşı, qızıl, qara mərmər yataqları və əhəng xammalı kimi təbii sərvətlər Zəngilanın iqtisadi potensialını artıran amillərdəndir. Rayon ərazisindən keçən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları bölgənin su ehtiyatları baxımından da əhəmiyyətlidir. Bu çaylar kənd təsərrüfatı və suvarma üçün mühüm rol oynayır.
İşğaldan əvvəl Zəngilan əsasən kənd təsərrüfatı yönümlü bir iqtisadiyyata malik idi. Rayon ərazisində 29 kolxoz və sovxoz, arıçılıq təsərrüfatları, kooperativlər və kəndli-fermer təsərrüfatları fəaliyyət göstərirdi. Ərazidəki dəmiryol infrastrukturu – 21 dəmir yol müəssisəsi və 6 dəmir yol vağzalı rayonu digər bölgələrlə əlaqələndirirdi. Bu da rayona nəqliyyat və ticarət baxımından strateji əhəmiyyət qazandırmışdı.
1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonları işğal edildikdən sonra Zəngilan rayonu tamamilə mühasirə vəziyyətinə düşdü. Rayon əhalisi 67 gün boyunca ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü il tarixlərində erməni qoşunları Zəngilanı işğal etdilər. Lakin 27 il sonra, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonunu işğaldan azad etdi. Bu tarixi zəfər Azərbaycan xalqının yenidən öz torpaqlarına qovuşmasını təmin etdi və hər il 20 oktyabr tarixi Zəngilanın azad edilməsi günü kimi qeyd olunur.
Zəngilan azad olunduqdan sonra bölgədə genişmiqyaslı yenidənqurma və bərpa işləri başlanmışdır. Azərbaycan hökuməti Zəngilanın iqtisadi potensialını yenidən canlandırmaq və bölgənin əhalisini geri qaytarmaq üçün infrastrukturun bərpasına böyük sərmayə yatırmışdır. Yeni tikilən yollar, evlər, məktəblər və digər ictimai obyektlər Zəngilanın əvvəlkindən daha güclü və müasir bir şəhərə çevrilməsi üçün əsasdır.
Bu gün Zəngilanın zəngin təbii sərvətləri, strateji coğrafi mövqeyi və mədəni irsi, onu Azərbaycanın ən mühüm bölgələrindən biri halına gətirir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı