AnalitikaGündəm

Zəngilanın tarixi, işğalı və yenidən doğulması onun əhəmiyyətini əks etdirir

Zəngilan rayonu Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bölgələrindən biridir. Coğrafi mövqeyi və təbii sərvətləri ilə önəmli olan bu rayon, tarix boyu strateji əhəmiyyət daşımışdır. Zəngilan öz zəngin mədəni-tarixi irsi ilə seçilən ərazilərdəndir. Burada yerləşən abidələr yalnız Zəngilan əhalisinin deyil, bütün Azərbaycanın mədəni irsini əks etdirir. Məsələn, rayonda qədim türbələr, tarixi məscidlər, xalq sənətinin inciləri olan oymalarla zəngin qəbirstanlıqlar və sair abidələr mövcud idi. Bu abidələr Azərbaycan xalqının keçmişini, milli kimliyini və dini inanclarını yaşadan dəyərli miraslardır. İşğal illərində ermənilər Zəngilan rayonunda misli görünməmiş vandalizm aktları törətmişlər. Buradakı qədim məscidlər, türbələr, qəbirstanlıqlar dağıdılmış, Azərbaycan xalqına aid tarixi izlər məhv edilməyə çalışılmışdır. Zəngilanın tarixi irsini təşkil edən dini və mədəni abidələr tamamilə məhv edilmiş, bölgə Ermənistanın vandalizminə şahid olmuşdur. Hətta yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, bütün ictimai obyektlər dağıdılmış, bölgənin infrastrukturu tamamilə məhv edilmişdir.

İşğaldan öncə kənd təsərrüfatı və xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıqla məşhur idi. Rayonun zəngin torpaq örtüyü bu sahələrin inkişafını təmin edirdi. Eyni zamanda burada əsas yol və dəmir yolu əlaqələri mövcud idi ki, bu da rayonu digər bölgələrlə birləşdirirdi. 1993-cü ildə ermənilər Zəngilanı işğal etdikdən sonra isə bu infrastruktura böyük zərbə vuruldu. Şəhər və kəndlər dağıdıldı, rayonun iqtisadi həyatı tamamilə dayandı və əhali məcburi köçkün vəziyyətinə düşdü. 2020-ci ildə başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Zəngilan da daxil olmaqla işğal altında olan bir çox ərazini azad etdi. Bu, yalnız hərbi qələbə deyil, həm də tarix və mədəniyyət baxımından əhəmiyyətli bir nailiyyət idi. Zəngilanın azad edilməsi ilə bu torpaqların yenidən dirçəlməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması mümkün oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu tərəfindən qazanılan bu qələbə Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir.Vətən Müharibəsindən sonra Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma torpaqlarına geri qaytarılması istiqamətində genişmiqyaslı işlərə start verdi. Bu proqramın tərkib hissəsi kimi Zəngilan rayonu da yenidən qurulur və bərpa edilir. Bölgədə aparılan işlər çərçivəsində müasir yol infrastrukturu, elektrik enerjisi təchizatı və digər zəruri infrastruktur bərpa olunur.

Azərbaycanın “ağıllı kənd” konsepsiyasını ilk tətbiq etdiyi məkanlardan biri də Zəngilanın Ağalı kəndidir. Burada həyata keçirilən layihələr çərçivəsində kənd tamamilə yenidən inşa olundu. Burada ən müasir texnologiyalar tətbiq edilərək kənd təsərrüfatı, sənaye, səhiyyə və təhsil sahələrində innovativ yanaşmalar reallaşdırılır. Ağalı kəndində reallaşdırılan bu layihələr, yalnız Zəngilanın deyil, ümumilikdə azad olunmuş ərazilərin gələcək inkişafı üçün nümunə təşkil edir. Azərbaycanın əsas hədəfi bu əraziləri nəinki əvvəlki vəziyyətinə qaytarmaq, həm də yeni və müasir infrastrukturla təmin edərək regionun iqtisadiyyatını dirçəltməkdir. Bu gün Zəngilan rayonu işğaldan sonra yenidən doğulma mərhələsini yaşayır. Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən quruculuq və bərpa işləri sayəsində rayon müasir infrastruktura, yenilənmiş kənd təsərrüfatına və sosial obyektlərə qovuşur. Zəngilanın bu yeni dövrü həm Azərbaycan xalqının tarixinə, həm də bölgənin gələcək nəsillərinə əmanət ediləcək dəyərli bir irsdir.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button