Zəngilanın azad olunması milli qürur mənbəyidir

Hər bir xalqın tarixində onun milli qürurunu və iradəsini ifadə edən mühüm hadisələr vardır. Zəngilan şəhərinin 2020-ci il oktyabrın 20-də işğaldan azad edilməsi Azərbaycan xalqı üçün belə tarixi hadisələrdən biridir. Bu gün həm qələbənin sevincini, həm də doğma torpaqlara qayıdış ümidini özündə birləşdirir.
Uzun illər işğal altında qalan Zəngilanın sakinləri doğma evlərinə qayıtmaq arzusunu qoruyub saxladılar. Rayonun azad edilməsi həmin arzunun gerçəkləşməsi üçün yol açdı. Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı uğurlar xalqımızın yaddaşında əbədi yaşayacaq. Prezident İlham Əliyevin Zəngilanın azad olunmasını elan etməsi həmin günün sevincini daha da artırdı. Bu hadisə dövlətin qətiyyətini və xalqın birliyini nümayiş etdirdi.
Bu gün Zəngilanda aparılan bərpa işləri qələbənin real nəticələrini göstərir. Yeni yaşayış məntəqələri, yollar, mühəndis-kommunikasiya sistemləri və digər layihələr rayonun gələcəyini formalaşdırır. Əsas məqsəd insanların doğma yurda qayıdaraq burada firavan həyat qurmasına imkan yaratmaqdır.
Zəngilan Şəhəri Günü yalnız keçmişdə baş vermiş hadisəni qeyd etmək deyil, həm də milli qüruru gələcək nəsillərə ötürmək fürsətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə bu gün quruculuq işləri ilə davam etdirilir. Zəngilanın azadlığı və dirçəlişi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur.
Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



