AnalitikaGündəm

Zəfərə inanan xalqın İlhamlı Zəfər günü

Hər bir xalqın, millətin tarixində digər günlərdən fərqli onların heç birinə bənzəməyən özəl günləri olur. Azərbaycan dövlətini ayaqda saxlayan, ona inam, güc verən keçməkeşli amma şərəfli səhifələri olub bu millətin. Vurulduq amma əzilmədik. Yandıq amma külə çevrilmədik. Boğulduq amma əyilmədik. Bu millət yaşadı, mübarizə apardı, qalib gəldi. Bu qalibiyyətə bizi Vətənə sonsuz məhəbbət, torpağımıza bitməyən sevgi bağladı. Xalqı millət edən onun inamıdır. Bir toplumun hər sərvətinə sahib çıxmaq mümkündür.

Dilini, dinini, tarixini, musiqisini, mədəni irsini-hər şeyi almaq mümkündür. Bütün bu amillər xalqı ruhdan sala bilər. Amma gələcəyə möhkəm inam, öz gücünə inam bu xalqı kiçilməyə qoymadı.

1937-ci ilin amansız repressiya günləri də qorxutmadı bu milləti. Əhməd Cavadı qurban verdik, Hüseyn Cavidi uzaq Sibirin çöllərində itirdik. Mikayıl Müşfiqi xaincəsinə güllələyib Xəzərə qərq etdilər. Amma yenə məğlub olmadıq. Durduq, dözdük, özümüzə qapanmadıq. İkinci Dünya savaşı kəsdi qapımızı. Vətənimiz Azərbaycan yenə öz əzmini göstərdi yağı düşmənə.

Hərdən düşünürəm. Nədir bu millətə güc, qüvvət verən? Nədir xalqımızı Simurq quşu kimi sınaqlardan çıxaran? Yəqinki, qan yaddaşımız. Müasir dildə desək genetik koddur. Dədə Qorquddan başlanan bu şərəfli yol, 1990-ci ilin o vahiməli 20 yanvar gecəsində, 1992-ci ilin Xocalı soyqırımında işıq saçdı azadlıq yolumuza. 1993-cü ilin iyun ayında Vətənimiz Azərbaycan parçalananda… “Bu artıq sondur”, – deyən düşmənlər yenə də yanıldılar. Dədəmiz Qorqudun ruhu hələ canımızda idi. O qayıtdı, bu xalqı, torpağı xilas etməyə, sarsılmış inamı yenidən qaytarmaq üçün qayıtdı. Ulu öndər Heydər Əliyev kimi qayıtdı. Şəhriyarın “Heydər dağı” qədər uca, əzəmətli, məğrur qayıtdı. Gəlişi ilə qaytardı inamı bizə. Gəlişiylə yenidən birləşdirdi qan ağlayan Azərbaycanı. Onun əzəməti qorxutdu düşmənləri. Onun qətiyyəti xilas etdi anamız Azərbaycanı. 20% torpaqlarımız düşmən tapdağında qalanda belə bizi enməyə qoymadı. Əllərimizdən tutdu, bizi ucalara qaldırdı. Şuşa nisgili qəlbimizi parçalayanda, Xankəndi dərdi gözlərimizdə dağ olanda, Xocalı qılınc olub, bu milləti al-qana boyayanda, Ulu öndər  Heydər Əliyev zirvəsi yetişdi imdadımıza. Bu fədakarlıq deyilmi? Bu xalqın yolunda yanıb kül olmaq deyilmi?

2003-cü ilin qarlı qışında bizə vida edəndə “Qayıdacağıq, mütləq qayıdacağıq Şuşaya”, -dedi bizə.

Yenə də yanılmadı, yenə də qalib çıxdı bu savaşdan dahi Ulu öndər.

8 noyabr bizə Şuşa qürurunu, 10 noyabr isə Qələbə sevincini yaşatdı. İşğalçı düşməni diz çökdürən, onu qarşımızda suçlu məhkum kimi baş əyməyə məcbur edən bir Sərkərdəmiz var bizim!

Şuşa qalasında səslənən Zəfər marşının sədaları Xankəndi şəhərinə çatdı. Separatizmin yuvasında düşmənin məhvi ilə sonlandı. Zəfəriniz mübarək, bizə zəfər yaşadıb zəfəri görməyən şəhid qardaşlarım, Zəfəriniz mübarək, ölümlə üz-üzə dayanıb ölümün üzünə dik baxan qazi qardaşlarımız! Zəfəriniz xoş gəldi, cənab Ali Baş komandan! Zəfərin qalib Sərkərdəsi, qalibiyyətin mübarək! Gözün aydın, Qarabağlı Azərbaycanım!

Emil Məmmədov,
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button