44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi günlərini yaşadı. Ordumuz sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Bu, zəfər tariximizin ən şanlı səhifəsidir. Tarixin yaşanılacaq zamanlarında zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcək.
Demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik. “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır” deyə Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir.
Zəngilan şəhərinin işğaldan azad olunması xəbərindən bir neçə gün sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza müjdə verərək, bir neçə kəndin, eləcə də Qubadlı şəhərinin işğaldan azad olunmasını bildirməsi milyonlarla insana bu qələbə sevincini yaşatdı. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Eyni zamanda, müharibə dövründə xalq-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya müxtəlif formalarda dəstək olurdular. Bu isə özlüyündə qürür verici hadisə idi.
Qeyd etmək istərdim ki, Qubadlı Azərbaycan tarixində görkəmli şəxsiyyətlər yurdu kimi deyilir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbi, Əliyar Əliyev yolunu davam edən bu gün Şükür Həmidov və digər tarixi qəhrəmanlarımız var. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunda doğulmuşdur. Polkovnik Həmidovun 2016-cı ilin aprelində erməni işğalçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki böyük şücaət göstərərək Milli Qəhrəman adına layiq görülmüşdür. Məhz elə 2020-ci ildə Şükür Həmidov ,18 yaşından didərgin düşmüş Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Vətən həsrətində olan Qubadlılar 30 ildir ki öz torpaqlarına qayıdışı gözləyirdi. Artıq vətən həsrətinə dörd ildir ki son qoyuldu, ədalət bərpa edildi. Beləliklə, Qarabağın azadlığı uğrunda ümummilli həmrəylik Azərbaycanı böyük Qələbəyə qovuşdurdu. Bu həmrəyliyi, Müzəffər Ali Baş Komandanımıza olan inamımızı heç bir qüvvə sarsıda bilməz.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi