Analitika

Zəfər seçkilərində Azərbaycan xalqı Müzəffər Lider İlham Əliyevə olan dərin sədaqətini göstərdi

2024-cü 7 fevral tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikasının Zəfər seçkisi idi. Bu seçkilərdə Azərbaycan xalqı öz liderinə, dövlətinin başçısına olan etimadını bir daha sübut etdi. Seçkilər zamanı 92,12 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən prezident seçildi. Cənab Prezident 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Prezident seçilərkən verdiyi bütün vədləri yerinə yetirdi, bütün sözlərinin arxasında durdu. Hakimiyyətə gəldiyi gündən ömrünü Azərbaycan xalqının tərəqqisinə və inkişafına adadı. Zəfər seçkilərindən sonra 14 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi baş tutub. Müzəffər lider əvvəlcə əlini Azərbaycan Respublikasının Konstitusiyasına, sonra isə “Qurani-Şərif”ə  əl basaraq and içmişdir.

Zəfər seçkisi bundan əvvəlki bütün seçkilərdən fərqlənirdi, çünki bu seçkiləri  Azərbaycan öz müstəqilliyini tam təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş, bütün tarixi torpaqlarında Azərbaycan dövlət bayrağı dalğalanaraq həyata keçirmişdir. Düzdür, bütün bunlar asanlıqla başa gəlməyib. Xalqımız uzun və çətin  yollardan keçərək bu gün öz suveren torpaqlarında seçkilər keçirir. Bunun arxasındakı ən böyük amil isə ölkəmizin həyatını xalqına, millətinə həsr edən qüdrətli dövlət başçısının olması və xalqının öz lideri ətrafında bir yumruq kimi birləşməsidir. Azərbaycan son illər ərzində adını tarixin səhifələrinə qızıl hərflərlə yazdırdı. 2020-ci ildə baş verən Vətən Müharibəsi, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri, bir çox yüksək nüfuza malik beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın tarixində özünəməxsus yer tutur. Xüsusən, tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və bu gün o torpaqlarda yenidənqurma və abadlıq işlərinin aparılması ölkəmizin gələcək inkişafı üçün böyük önəm kəsb edir. Müxtəlif sahələr üzrə əməkdaşlıqlar qurulması, beynəlxalq təşkilatlarla, dünyanın aparıcı dövlətləri ilə dostluq münasibətlərinin tənzimlənməsi ölkəmizin iqtisadi və siyasi cəhətdən inkişafından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Lider Ali Baş Komandan İlham Əliyevin hələ 2003-cü ildə söz verdiyi hər şeyi yerinə yetirməsi, ömrünü Azərbaycan xalqının layiqli həyat səviyyəsinin yüksəldilməsinə və rifahının yaxşılaşdırılmasına həsr etməsi bu gün Azərbaycanın nüfuzunun təməlini təşkil edir. Lakin, Azərbaycan xalqı da öz başçısına olan inamını Zəfər seçkilərində bir daha göstərdi. Bu həmrəylik, dövlət başçısı və xalq arasında olan birlik Azərbaycanı yenilməz mövqeyə daşıyır və bu birlik var olduğu müddətdə Azərbaycan Respublikası yenilməz olaraq qalacaqdır.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button