“44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının şanlı tarixi, parlaq Qələbəsidir. Azərbaycan Ordusu həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldı, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və ölkə rəhbərliyi bu işğalla heç vaxt barışmırdı: “Sirr deyil ki, Ermənistanın arxasında duran bir çox dövlətlər Azərbaycanın bu işğalla barışması üçün müxtəlif üsullardan istifadə edirdilər. Onların əsas məqsədi məsələni həll etmək və işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Lakin nə xalq, nə də respublika rəhbərliyi bu planların baş tutmasına imkan verdi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, “nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq”. Həyat bunu göstərdi və bu gün Azərbaycan xalqı Zəfər gününü qeyd edir”.
“Zəfər parkı və Zəfər muzeyi parlaq Zəfərimizi əks etdirən yeni simvoldur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ərazisi 10 hektara yaxın olan, şəhərə gedən iki yolun kəsişməsində yerləşən Zəfər Parkında müasir üslubda inşa edilmiş Zəfər tağı var: “Zəfər Tağının hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu da heç şübhəsiz ki, Vətən müharibəsini simvolizə edir. İstər Zəfər parkı, istərsə də Zəfər muzeyi Azərbaycanın parlaq qələbəsinin ali abidəsi kimi həyata vəsiqə alıb. Bu da əsas verir ki, Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq”.