
Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni bir dövr başlanır. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi və bir neçə mühüm sənəd imzalandı. Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibələrin dayandırılması istiqamətində verdiyi sözlərin nəticəsi olaraq bu görüş təşəbbüsü ortaya çıxdı. Vaşinqton görüşündən öncə sülhün təmin olunmasına dair nikbin proqnozlar verilsə də, bu hadisə gözləntiləri tam doğrultdu. ABŞ prezidenti ilə Azərbaycan lideri arasında olan səmimi dialoq dövlətimizin başçısının beynəlxalq nüfuzunun göstəricisidir. İki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı.
Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam verilməsi Azərbaycanın diplomatik uğurlarındandır. Bu düzəliş erməni lobbi qruplarının təsiri ilə yaranmış və Azərbaycan-ABŞ münasibətlərində ciddi əngəl təşkil etmişdi. Vaşinqton görüşünün ən əhəmiyyətli nəticəsi Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün atılan addımlardır. Xarici işlər nazirləri sülh sazişi layihəsini parafladı və Minsk Qrupunun fəaliyyəti dayandırıldı. Minsk Qrupunun ləğvi Azərbaycanın sülh prosesindəki əsas şərtlərindən biridir.
Birgə Bəyannamədə nəqliyyat kommunikasiyalarının açılması məsələsi ön plana çıxır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, Ermənistan ərazisində “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda sülhün bərqərar olmasının həm bölgə, həm də dünya üçün böyük fürsət olduğunu vurğuladı. Ermənistanın konstitusiyasında ərazi iddialarının aradan qaldırılması sülh müqaviləsinin imzalanması üçün vacibdir.
Fidan Məmmədova,
Yeni Azərbaycan Partiyasının fəalı