Yeni Azərbaycan Partiyasının VII qurultayı böyük əhəmiyyət kəsb etdi

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edirdi. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb etmişdir.Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”, – deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Həmçinin VII qurultayda qəbul edilən qərarlar və görülən işlər milli maraqlara, müasir çağırışlara, adekvat vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəuyğundur. Əvvəla, Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir. Eyni zamanda, YAP Mərkəzi Aparatına rəhbərlik edəcək partiya Sədrinin müavininin müəyyənləşməsi də idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.VII qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Yeni qərarlara müvafiq olaraq qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri təyin olunub. Qurultaydan sonra partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatların əsasnamələri, Təftiş Komissiyasının reqlamenti təsdiqlənib.Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirdi, monolit siyasi qüvvə kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.
Səba Rzayeva
YAP-ın gənc fəalı.