
noyabr tarixi Azərbaycan siyasi yaddaşında xüsusi bir mərhələ kimi qalmaqdadır. Həmin gün Naxçıvanda ölkənin ən çətin günlərində, taleyüklü bir dövrdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu hadisə təkcə yeni bir siyasi təşkilatın yaranması deyildi; bu, həm də dövlətçilik ideyalarının yenidən dirçəlişi, xalqın idarəetmədə peşəkarlığa, sabitliyə və qurtuluşa doğru atdığı tarixi addım idi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri məhz həmin günün mahiyyətini, həmin qərarın böyük siyasi yükünü ən dəqiq şəkildə ifadə edir. 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində dərin iz qoymuş mürəkkəb bir dönəmdir. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə siyasi çaxnaşmalar, sosial-iqtisadi böhran, hakimiyyət uğrunda qruplaşmaların qarşıdurması və idarəetmənin iflic olması kimi ağır problemlərlə qarşılaşmışdı. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın böyük hissəsi işğal edilmiş, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşmüşdü. Dövlətçiliyin dayaqları sarsılır, ölkə sürətlə uçuruma doğru gedirdi. Belə bir şəraitdə xalqın taleyini düşünən məsuliyyətli ziyalılar, ictimai xadimlər və dövlətçilik ideallarına sadiq insanlar ölkəni bu böhrandan çıxarmaq üçün yeni bir siyasi hərəkatın yeni bir yolun zəruri olduğunu dərk etdilər. Onlar Azərbaycanın o dövrdə ən böyük ehtiyacının güclü liderlik, peşəkar idarəçilik və milli həmrəylik olduğunu anlayırdılar. 1992-ci ildə 91 nəfər tanınmış Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti yalnız bir məktub deyildi — bu, xalqın ümidsizliyə qarşı dirənişi, xilasa inamı və məsuliyyət hissinin ifadəsi idi. Cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərən, ölkənin gələcəyini düşünən bu insanlar Heydər Əliyevin siyasi lider kimi səhnəyə qayıdışının zəruriliyini irəli sürdülər. Onlar yaxşı bilirdilər ki, müdrik dövlət xadimi, böyük təcrübəyə və nüfuza malik şəxsiyyət kimi Heydər Əliyev Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün əsas ümid idi. Ziyalıların təşəbbüsü çox qısa zaman ərzində geniş xalq dəstəyinə çevrildi. Təsis konfransında Heydər Əliyevin partiyanın sədri seçilməsi isə həm ideya baxımından, həm də siyasi baxımdan tam məntiqli addım idi. Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə siyasi sabitlik, dövlətçilik ideyalarının bərpası və gələcəyə ümid yenidən dirçəlməyə başladı. Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycan siyasi tarixində dönüş nöqtəsi oldu. Bu partiya yalnız hakimiyyət uğrunda mübarizə aparan siyasi qurum kimi formalaşmadı — YAP milli dövlətçilik konsepsiyasının daşıyıcısına, müstəqillik ideyasının siyasi platformasına çevrildi. Onun əsas prinsipləri xalqın maraqlarına, milli mənafeyə və dövlətin dayanıqlığına xidmət edirdi. YAP-ın yaranmasından sonra ölkədə siyasi proseslər yeni məcraya qədəm qoydu. Bu partiya qısa müddətdə geniş xalq kütləsinin etimadını qazanmış, ictimai-siyasi sabitliyin təmin olunması və dövlət quruculuğunun düzgün istiqamətə yönəldilməsi üçün mühüm addımlar atmağa başlamışdır. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, ordu quruculuğu gücləndirildi, iqtisadi islahatlara start verildi, neft strategiyası formalaşdırıldı və Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Bütün bu proseslər Yeni Azərbaycan Partiyasının möhkəm siyasi dayaqları üzərində həyata keçirilirdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri partiyanın siyasi missiyasının mahiyyətini tam açır. Bu partiya:
- dünənin — çətinliklərdən çıxış yolunun, xilaskarlıq missiyasının;
- bu günün — inkişafın, sabitliyin, güclü dövlətçiliyin;
- gələcəyin — daha modern, güclü və müasir Azərbaycanın quruculuğunun siyasi dayağıdır.
Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Partiyanın fəaliyyətində modern idarəçilik, siyasi islahatlar, sosial rifahın artırılması və beynəlxalq aləmdə milli maraqların qorunması əsas prioritet kimi qalır. 1992-ci il 21 noyabrda YAP-ın təsis olunması Azərbaycan xalqının gələcəyi naminə atdığı ən məsuliyyətli və ən doğru qərarlardan biri idi. Bu qərar həm dövlətçiliyin xilası, həm də müstəqilliyin möhkəmlənməsi üçün tarixi bir dönüş nöqtəsi oldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər xalqın iradəsinə əsaslanan, milli maraqlara xidmət edən və ölkənin inkişafına yönəlmiş böyük missiyasını davam etdirir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



