
YAP VIII Qurultayının tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri onu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı dövrə təsadüf etməsidir. Bu mərhələdə əsas strateji məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində yeni sosial-iqtisadi mərhələ yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yolların, enerji sistemlərinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılması həmin ərazilərin müasir həyat məkanlarına çevrilməsinə xidmət edir. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturun bərpası deyil, gələcəyin iqtisadi və sosial modelinin qurulmasıdır.
Böyük Qayıdış həm də milli ədalətin və tarixi yaddaşın bərpasıdır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması Azərbaycan dövlətinin qarşısında duran mühüm sosial və mənəvi vəzifələrdən biridir. Şəhər və kəndlərin yenidən qurulması, əhalinin məskunlaşdırılması və məşğulluq imkanlarının yaradılması bu prosesin kompleks xarakter daşıdığını göstərir.
YAP bu tarixi prosesdə cəmiyyətin maarifləndirilməsi və ictimai dəstəyin gücləndirilməsi baxımından mühüm rol oynaya bilər. Böyük Qayıdışın uğuru yalnız dövlət investisiyalarından deyil, həm də cəmiyyətin həmin prosesə fəal münasibətindən asılıdır. Gənclərin, sahibkarların, ziyalıların və müxtəlif ictimai qrupların Qarabağ və Şərqi Zəngəzurun inkişafına cəlb edilməsi yeni iqtisadi və sosial imkanların yaranmasına səbəb ola bilər.
YAP VIII Qurultayı Böyük Qayıdışın siyasi və ictimai mahiyyətini yeni mərhələdə dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağda qurulan yeni həyat Azərbaycanın Zəfər tarixinin davamıdır. Dövlətçilik, iqtisadi inkişaf və sosial rifah burada vahid strateji məqsəddə birləşir. Bu prosesin uğurla başa çatdırılması Azərbaycanın həm daxili inkişafına, həm də beynəlxalq mövqeyinə mühüm təsir göstərəcək.
Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri


