
Azərbaycan yeni dövrə qədəm qoyur. Dövlətimiz genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti, nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Aparılan bu davamlı inkişaf ulu öndər Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyəti dövrünü əhatə edir. Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyidir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da bəyan etdiyi kimi “partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir”. Otuz ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Partiyanın Sədri, Prezident İlham Əliyevin YAP-ın qurultay və konfranslarında proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Prezidentin çağırışları, yeni proqramla tövsiyələri göstərir ki, YAP yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək. O zaman ölkənin xilas missiyasını daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına öz töhfəsini verəcəkdir. Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”. Noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində, YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də dövlətimizin başçısının təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Müasirləşən və yeniləşən Azərbaycanı, onun dünyaya qovuşan ictimai və mədəni həyatının təqdimatının parlaq nümunəsi olan Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini olması, partiyanın ümumi fəaliyyətinə böyük təkan verir. Mehriban xanım Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Əliyeva Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyevanın dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlu fəaliyyəti partiya üzvləri olan qadınlara nümunədir” Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir”
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



