AnalitikaGündəm

XVI BRICS sammiti Avrasiya geosiyasi məkanı üçün mühüm siyasi hadisədir

“Kazanda keçirilmiş XVI BRICS sammiti Avrasiya geosiyasi məkanı üçün mühüm siyasi hadisədir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması BRICS-in bir daha qlobal çoxmərkəzli sistemin inkişafına töhfə verən beynəlxalq platforma kimi əhəmiyyətini nümayiş etdirir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb və formalaşdığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir: “Təsadüfi deyil ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. Çünki BRICS dünya əhalisinin 45 faizini və qlobal iqtisadiyyatın 37.3 faizini təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Eyni zamanda BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Xüsusilə də, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Bütün bu səbəblərdəndir ki, BRICS-ə maraq hər gün artır. Bu mənada Malayziyanın, Türkiyənin, Azərbaycanın, Suriyanın da BRICS-ə üzv olmaq üçün müraciət etməsi təşkilatın yüksələn nüfuzundan xəbər verir”.

“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu prinsip 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan tərəfindən əyani şəkildə nümayiş etdirilib. Bu mənada Azərbaycanın BRICS-lə əməkdaşlığına əlaqələrin genişləndirilməsi, fəal tərəfdaşlıq münasibətlərinin inkişafı, müxtəlifliyin və çoxtərəfliliyin qorunması prizmasından yanaşmaq lazımdır. Bu mənada Azərbaycanın BRICS-ə müraciət etməsi həm ölkəmiz, həm də regionumuz üçün böyük əhəmiyyətə malikdir.

Oxşar Xəbərlər

Back to top button