
Xocavənddə Böyük Qayıdışın yeni mərhələsi şəhərin sosial həyatının yenidən formalaşmasını gündəmə gətirir. 2023-cü ildə şəhərin işğaldan azad edilməsindən sonra burada dövlət idarəçiliyinin və bərpa prosesinin təşkili üçün yeni mərhələ başladı. 2026-cı ilin fevralında Prezident İlham Əliyevin Xocavənd şəhərində görülən işlərlə tanış olması zamanı şəhərdəki yaşayış fondunun və qayıdış prosesinin vəziyyəti barədə məlumat verilib.
Rəsmi məlumatlara görə, Xocavənd şəhərində 980 fərdi ev mövcuddur və onların 847-si qismən yararlı, 133-ü isə yararsız vəziyyətdədir. Qismən yararlı evlərin bir hissəsində təmir işləri tamamlanıb, digər evlərin bərpasının da davam etdirilməsi nəzərdə tutulur. Bu rəqəmlər göstərir ki, qayıdış üçün görülən iş yalnız yeni yaşayış məhəllələrinin salınmasından ibarət deyil; mövcud yaşayış fondunun bərpası da prosesin mühüm hissəsidir.
Xocavənd şəhərinə 2026-cı ilin fevralında 50 ailənin – 194 nəfərin qayıtması ilə yanaşı, rayonun digər yaşayış məntəqələrinə də qayıdış həyata keçirilib. Rəsmi məlumatda Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Sos,z Hadrut və Xocavənd kəndi üzrə ümumilikdə 355 ailənin, 1485 nəfərin qayıtdığı bildirilir. Bu, Böyük Qayıdışın artıq müxtəlif yaşayış məntəqələrini əhatə edən sosial prosesə çevrildiyini göstərir.
Xocavəndin gələcəyi yalnız bərpa edilən evlərin sayından asılı olmayacaq. Şəhərin sosial, iqtisadi və mədəni həyatının formalaşması, qayıdan insanların burada uzunmüddətli həyat qurması əsas nəticə olacaq. Xocavənddə bu gün təmir olunan hər ev sabah bir ailənin gündəlik həyatına, bir küçənin canlanmasına və bütöv şəhərin yenidən nəfəs almasına çevrilir.
Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri



