AnalitikaGündəmSiyasət

Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar

“Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 32 il ərzində Azərbaycan xalqı və dövləti nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı, unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi və nəticədə dünyanın 17 ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 30-dək ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıdı. Bununla da, bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqımız Xocalı soyqırımını unutmadı və qisasını aldı”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib: “Artıq 5-ci ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib, qisasını almış xalq olaraq anırıq. Heç kəsə sirr deyil ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Soyqırımının 32-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin illər əvvəl dediyi sözlər bir daha yada düşür. Prezident İlham Əliyev bildirirdi ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Məhz 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün isə Qarabağda, o cümlədən Xocalıda qətliamlar törədənlər Bakıda ədalət qarşısında cavab verirlər”.

“Ötən illər ərzində Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib” – deyən Ramil Vəlibəyov bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.

Ramil Vəlibəyov əlavə edib ki, bu gün Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar: “Xatırladaq ki, 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Eləcə də 2024-cü il mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. İyulun 5-də isə Prezident İlham Əliyev Xocalı Hava Limanında olub. 2024-cü il sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olan Prezident İlham Əliyev 2025-ci ilin fevral ayının 18-də yenidən Xocalıya səfər edib”.

Oxşar Xəbərlər

Back to top button