Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur
Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri də 1992-ci ilin 25 fevralından 26-na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər, soyqırımı hadisəsidir. Bu faciə inanılmaz dərəcədə dəhşətli faktlara, miqyasına və mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur kimi soyqırımları ilə, bəşəriyyətə qarşı törədilmiş cinayətlərlə birgə xatırlanır.
Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Ulu öndər Heydər Əliyev çıxışında demişdir: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi”.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və faciəyə düzgün siyasi-hüquqi qiymət verildi. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral – Xocalı faciəsi günü elan edildi. “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş ideoloji-intellektual işlər görülür. Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlər də öz bəhrəsini verməkdədir. Xüsusilə son illər Azərbaycan həqiqətləri, mədəniyyətimiz, Dağlıq Qarabağın tarixinə dair əsərlər, Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir.
Son illər ərzində dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş cinayət aktı kimi dəyərləndirilməkdə və bu istiqamətdə xüsusi qətnamələr qəbul olunmaqdadır. Xocalı soyqırımını tanıyan və bu cinayəti qınayanların sayı hər il artmaqdadır. Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan bir sıra dövlət var.
“Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatacağı təbiidir”. Ulu öndər Heydər Əliyevin bu müdrik sözləri bütün azərbaycanlılar üçün bir mayak rolunu oynayır və haqqın-ədalətin gec-tez öz yerini tutacağına ümid və inam yaradır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətanət Cəfərova,
YAP-ın fəalı