Xocalı qətliamı insanlığa qarşı ən böyük cinayətdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının, XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçib.. Bu kədərli günlərdə Azərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir.
Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Bu il ilk dəfə olaraq Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini onların doğma şəhərində, faciənin baş verdiyi yerdə qeyd edilib. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu faciəli soyqırımından 32 il sonra artıq azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir. Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
Ölkə başçısının qeyd etdiyi kimi, əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qaldı. Beynəlxalq təşkilatların bir çoxu bu faciəyə biganəlik nümayiş etdirdilər. Ötən müddət ərzində Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.
Rzayeva Səba,
YAP-ın gənc fəalı.