15 oktyabr 2023-cü il. Azərbaycan xalqı tarixi anlara şahidlik etdi. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyirdi. Bu günü biz 30 ildən çox gözləmişdik. Lakin hər birimiz inanırdıq ki, bu gün gələcək. Azərbaycan xalqı İlham Əliyevə ilk dəfə 20 il bundan əvvəl etimad göstərərək Ulu Öndərimizin siyasi varisi kimi Ölkə Prezidenti seçdiyi gündən keçən müddət ərzində bu inam daim artmış və möhkəmlənmişdir. Bu gün isə, möhtərəm dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı artıq bütün məsələlərə son nöqtəni qoymaqla, bir daha isbat etdi ki, “nəyi, necə, nə vaxt etmək lazımdır, onu cənab Prezident özü yaxşı bilir.” Qarbağın bütün ərazilərində Azərbaycanın konistitusiyon qurluşunun təmin olunması və dövlət nəzarətinin tam təmin olunması böyük və mühim hadisə idi. Düz bir il bundan öncə dövlətimizin başçısı Xankəndidə bir çox önəmli mesajlar verdi.
Xankəndində verilən mesajlar təkcə Ermənistana aid deyildi. Həm də Ermənistanın havadarlarına mesaj idi. Azərbaycan işğaldan azad etdiyi digər ərazilərdə olduğu kimi burda da quracaq və yaradacaq. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Xankəndidə verdiyi mesajlarda bütün dünyaya Azərbaycanın gücünü göstərmiş oldu və hələ 20 il öncə – prezident seçiləndə Xankəndidə Azərbaycan bayrağının sancılmasını hədəf kimi qarşısına qoyduğunu bildirdi və ona əməl etdi. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Azərbaycan bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin, güclü iqtisadiyyat yaratdı və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.
Azərbaycan Prezidenti Xankəndində həm yerişi, həm də duruşu ilə birmənalı şəkildə qarşı tərəfə mesaj verdi ki, bu yerlərin sahibi bizik və gəlmişik. Sona kimi də burada olacağıq.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi