Xankəndi Zəfər paradı 3 il öncə Azadlıq meydanında keçirilmiş Zəfər paradının məntiqi nəticəsi idi
“Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdi. Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının gətirildiyi Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi də xalqların tarixində əbədi qalacaq qürurverici hadisə çevrildi. Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqların mənəvi yaxınlığının təzahürü idi. Eyni zamanda, qardaşlığın zəfəri olan paradı Azərbaycan və Türkiyə rəhbərlərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini, Qələbə gününü gözləyirdi və müharibə dövründə də xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi: “Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı”.
“Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub: “Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Eyni zamanda ikinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparılmış və siyasi müstəvidə vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə isə Azərbaycana sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmiş, qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı. Biz sözlə, Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Xankəndi Zəfər paradı 3 il öncə Azadlıq meydanında keçirilmiş Zəfər paradının məntiqi nəticəsi idi: “Prezident İlham Əliyev bildirdiyi kimi nəyi nə zaman edəcəyini çox yaxşı bilirdi. Məhz Azadlıq meydanında keçirilmiş Zəfər paradından 3 il sonra suverenliyin tamamilə bərpa olunması və Xankəndidə Zəfər paradının keçirilməsin Azərbaycanın parlaq qələbəsinin nidası oldu”.