
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən isə hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu əlamətdar günün təsis olunması Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır: “Sözügedən işğaldan azad olunmuş ərazilərdə bu gün quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilməkdədir. Prezident İlham Əliyev mütəmadi olaraq bu yerləri ziyarət edir, gedən işlərlə yerindəcə tanış olur, əlavə tapşırıq və tövsiyələrini bildirir. Məhz, Prezident İlham Əliyevin təşəbbüslərinin və fəaliyyətinin nəticəsidir ki, bu gün Xankəndi qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Məsələn, Özbəkistan prezidentinin, Pakistanın Baş nazirinin, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavininin, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin səfərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün və III Şuşa Qlobal Media Forumunun keçirilməsi buna əyani sübutdur. Xankəndi və digər ərazilər eyni zamanda sənaye infrastrukturunun qurulması, xüsusilə də dost dövlətlərin sərmayə yatırması ilə daha da canlanır. Elə Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti bunun bariz nümunəsidir”.
“Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün qeyd olunması xüsusi əhəmiyyətə malikdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu, həm də şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramdır.