AnalitikaGündəm

Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq

Şanlı Zəfərin məntiqi və qürurverici davamı olaraq rəşadətli Ordumuz tərəfindən 2023-cü il 19-20 sentyabr tarixində cəmi 23 saat davam edən uğurlu antiterror əməliyyatı nəticəsində Qarabağın bütün əraziləri erməni işğalından azad edildi, Azərbaycanın tam müstəqilliyi və suverenliyi bərpa olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və geniş nitq söylədi. Prezident İlham Əliyev: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

15 oktyabr 2003-cü idə xalqımızın böyük dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanımızı inkişaf etdirdi, əməlləri, fəaliyyəti, qorxmazlığı, qətiyyəti, böyük sərkərdəlik qabiliyyəti və ən başlıca Vətən sevgisi ilə bütün azərbaycanlıların sevimli Prezidenti oldu, 20 illik fəaliyyətinin hər anını yalnız və yalnız Vətənimizn azadlığı və torpaqlarımızın mənfur düşmən tapdağından xilas olmasına sərf etdi. Bu illər ərzində cənab İlham Əliyev təkbaşına mübarizə apararaq böyük güclərin erməni sevgisini puça çıxardı, xalqına arxalanan və xalqının sevgisindən ruhlanan Vətən Oğlu böyük xarüqələr yaratdı, xalqa inamını qaytardı, milli heysiyyatımıza vurulan yaraları sağaltdı, bükülən belimizi, əyilən boynumuzu dirçəltdi, bizi qalib Xalq etdi, şərəfimizi, şöhrətimizi özümüzə qaytardı,30 illik yurd həsrətinə son qoydu.

15 oktyabr 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bir vaxtda 100 il bundan öncə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti tarixin arxivinə göndərildi, tarix səhnəsindən birdəfəlik silindi, qondarma rejimin saxta “əski parçası” ayaqlar altına atıldı. “Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik”- bu fikirləri Prezident İlham Əliyev öz tarixi çıxışında söyləyib.

15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmaqla Azərbaycanın bu prosesdə qələbəsini tam təmin etdi. Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayonunun ictimai fəalı

Oxşar Xəbərlər

Back to top button