Xankəndi şəhərində bayram tonqalı qalandı
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.
Qeyd edək ki ölkə rəhbəri bildirdi ki, 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Azərbaycanın öz torpaqlarının azad olunmasına illərlə siyasi, iqtisadi və hərbi müstəvidə hazırlıq gördüyünü diqqətə çatdıran İlham Əliyev bildirib ki, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirdi. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xaqlımıza Qarabağda qeyd olması nəsib olub. Artıq üç ildir ki, Prezident İlham Əliyev Novruz bayramını işğaldan azad olunmuş rayonlarda edir. Belə ki, 2021-ci ilin martın 20-də dövlət başçısı İlham Əliyev Şuşaya gedib. O, Novruz bayramı münasibətilə Cıdır düzündə tonqal qalayıb. Oradan Prezident xalqa müraciətində Azərbaycanın tarixi torpaqlarının və onun mədəniyyət mərkəzi Şuşa şəhərinin azad edilməsini tarixi hadisə adlandırıb: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərmizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.