Xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
İki əsr əvvəl çar Rusiyasında hazırlanmış “Qafqaz diyarının xəritəsi”nə əsasən məlum olub ki Qubadlı ərazisində olan yaşayış məntəqələri Azərbaycan türklərinə məxsus olub, Qubadlı adı isə ermənilərin qondarma Sanasar adı ilə deyil, Azərbaycan türklərinin qədim yaşayış məskəni kimi Qubadlı adlanıb. Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla,şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu.
Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işləri davam etdirilir.
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsində Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alınıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş bütün torpaqlara mütəmadi səfərləri rayonlarımızın inkişafı ölkə başçısının diqqətində olmasının təzahürüdür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, müharibə iştirakçılarımıza və qazilərimizə, ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq.
Abbasova Yeganə,
YAP-ın fəalı