Analitika

Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır

Ötən il 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran Azərbaycanın gündəliyinin mərkəzində hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib. Dövlətimizin başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlərin yerləşdiriləcəyinin müjdəsini çatdıraraq vurğulayıb: “Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq”. Hazırda infrastruktur quruculuğu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin mühüm bir istiqamətini təşkil edir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. Azərbaycan ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin enerji resurslarından səmərəli istifadə etməklə özünün enerji potensialını daha da gücləndirmək niyyətindədir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button