Vətən müharibəsində bu gün Qubadlı rayonu Müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığa qovuşdu
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Qubadlı ərazisi dağlıq və strateji mövqe olduğu üçün ermənilər buradan çıxmaq istəmirdilər. Bu baxımdan Qubadlı rayonuna iki istiqamətdən təşkil olunan hücum çox önəmli idi. Rəşadətli Ordumuz düşmənin güclü müqavimətini qıraraq Qubadlı şəhərini azad etdi. Əməliyyatın uğurla icrası nəticəsində Laçın dəhlizinə və Şuşa istiqamətinə gedən yol da açıldı. Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində dalğalanmasından, ucaldılmasından bir il ötür. Bu, tariximizin ən şərəfli günlərindən biridir.
Müzəffər Ali Baş Komandanın ötən il dekabrın 23-də Qubadlıda dediyi “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”
Sübhan Ərəbi,
YAP-ın fəalı