AnalitikaGündəmSiyasət

Vaşinqton razılaşması ilə Azərbaycan zəfərini möhkəmləndirdi

Avqustun 7-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər etdi. Bu səfər, iki ölkə münasibətlərində yeni səhifənin açılması ilə yanaşı, Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin bariz nümunəsi oldu. Trampın ikinci dəfə prezident seçilməsindən sonra yaranan müsbət dinamika, Vaşinqtonda atılan addımlarla real nəticələr verdi.

Ağ Evdə keçirilən üçtərəfli görüş və imzalanan Birgə Bəyannamə, Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm addım idi. Sənəddə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, habelə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının zəruriliyi vurğulandı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunması məsələsi də sənədə daxil edildi.

Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan–ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəlir və Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq. Bu, ölkəmiz üçün tarixi uğur olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir.

Səfər çərçivəsində Strateji İşçi Qrupu yaradıldı, SOCAR və ExxonMobil arasında əməkdaşlıq memorandumu imzalandı. 907-ci düzəlişin ləğvi isə Azərbaycanın illərdir davam edən haqsızlığa qarşı qazandığı diplomatik qələbə oldu.

Vaşinqton razılaşması ilə Azərbaycan həm müharibədəki zəfərini möhkəmləndirdi, həm də diplomatik müstəvidə Zəngəzur dəhlizini reallaşdıraraq tarixi məqsədinə çatdı.

Fatimə Axundzadə,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button